
Hatəm Cabbarlı, siyasi elmlər doktoru
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri
6 avqust 2012
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi problemi hələ də davam edir və təxminən 20 ilə yaxındır davam edən sülh görüşmələri nəticəsiz qalmışdır. Problemin həll olunması üçün fəaliyyət göstərən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrupu həmsədr dövlətləri ABŞ, Rusiya və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr də, bunun təmin edilməsi üçün faktiki olaraq heç bir iş görmürlər və Azərbaycanın hər hansı təşəbbüsünü dəstəkləmirlər. Bu məsələ Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT və digər beynəlxalq təşkilatlarda müzakirə edildiyində vasitəçilər Ermənistanı dəstəkləyirlər.
Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələlərində sıx əməkdaşlıq etməsinə rəğmən bu ölkələr hələ də Ermənistanın iğalşılıq faktini görməməzlikdən gəlirlər. Belə ki, ABŞ Dövlət departamentinin rəhbəri Ceyms Baker 1992-ci ilin fevral ayında Azərbaycanı ziyarət etdikdən sonra Konqredə çıxış edərkən “Dağlıq Qarabağdakı azlığın haqlarının qorunmadığı təqdirdə ABŞ-ın Azərbaycana köməklik etməyəcəyini” bildirmişdir. Halbuki Xocalı soyqırımı haqqında ABŞ Hökumətinin 12 mart 1992-ci ildə keçirdiyi müzakirədə tərəflər sadəcə atəşkəsə əməl etməyə dəvət edilmiş, Azərbaycan vətəndaşlarına qarşı soyqırım törədənlər haqqında bir kəlimə də deyilməmişdi.
Sovet İttifaqının dağılmasından sonra ABŞ post-sovet dövlətlərində demokratiya və insan haqlarının inkişaf etdirilməsi üçün xüsusi bir qanun (Azadlığın dəstəklənməsi-Freedom Support Act) qəbul etmişdi. Bu qanuna görə, Rusiya da daxil olmaqla digər post-sovet dövlətlərinə (Baltikyanı dövlətlər ayrı bir proqrama daxil edilmişdi) maliyyə və iqtisadi köməklik ediləcəkdi.
Ancaq bu qanuna ABŞ hökumətinin ikili standartı və erməni diasporunun ciddi fəaliyyətləri nəticəsində Azərbaycanın Ermənistan və Dağlıq Qarabağ bölgəsinə “embarqo tətbiq etməsi və digər təcavüzkar mövqeyi səbəbilə” bu ölkəyə yönəlik xüsusi məhdudiyyət nəzərdə tutan 907-ci düzəliş əlavə edildi. 907-ci düzəliş olaraq bilinən bu məhdudiyyətə görə, ABŞ hökumətininin Azərbaycana rəsmi köməklik etməsi mümkün deyildi. Hər nə qədər ABŞ hökumətinin erməni diasporunun təsirində qaldığını diqqətə alınsa da, zorla müharibəyə cəlb edilən Azərbaycanın guya Ermənistana qarşı tətbiq etdiyi embarqonun ləğv edilməsinə qarşılıq köməklik edilməsini şərt olaraq qoyulursa, bu zaman başqa səbəblər axtarmaq lazımdır.
ABŞ tarixən formalaşmış müharibə qanunlarının əksini Azərbaycandan tələb etməkdədir. ABŞ onun torpaqlarını işğal etməyən sadəcə təhlükə mənbəyi olaraq gördüyü dövlətləri beynəlxalq terrorizmi dəstəkləməklə və nüvə silahı əldə etmək iddiaları ilə təsirləndirərək onlara qarşı iqtisadi, siyasi, hərbi emaborqolar tətbiq edir, ancaq Azərbaycandan torpaqlarını işğal edən və müharibə vəziyyətində olan Ermənistan ilə iqtisadi münasibətlər qurmağı və Ermənistan üçün nəqliyyat yolunu açmağı tələb edir. ABŞ soyuq müharibədən sonra sadəcə demokratiya və insan haqlarının deyil, xristiyan dünyasının da təəssübkeşliyini çəkir. Belə ki, ABŞ hökumətinin müharibəni hansı dövlətin başladığını və hansı ölkənin torpaqlarının işğal edilməsini bilməməsi mümkün deyildir. Azərbaycan hökuməti 2001-ci ilin sentyabr ayına qədər ABŞ ilə keçirdiyi bütün görüşlərdə 907-ci düzəlişin ləğv edilməsini tələb etsə də, istədiyi nəticəni əldə edə bilməmişdir. Ancaq ABŞ hökuməti terroun soyuq üzünü öz torpaqlarında gördükdən sonra bu düzəlişi nəzərdən keçirilməli olmuşdur. 24 oktyabr 2001-ci ildə Senat, 14 noyabr 2001-ci ildə Konqre arasındakı razılaşdırma komisyasının rəyindən sonra 19 dekabr 2001-ci ildə Nümayəndələr Məclisi “2002-ci ilin sonuna qədər Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ləğv edilməsi haqqında” ABŞ Prezidentinə səlahiyyət verilməsi haqqında qərarı təsdiq etmişdir. Bu günə qədər Nümayəndələr Məclisi 907-ci düzəlişin ləğv edilməsi haqqında hər il yenidən qərar qəbul edir.
Burada diqqəti çəkən əhəmiyyətli nöqtə 907-ci düzəlişin tamamən yox, sadəcə 2002-ci lin sonuna qədər ləğv edilməsi məsələsidir. ABŞ hökuməti hələ də bu tarixi ədalətsizliyi və iki dövlət arasındakı münasibətləri zədələyən 907-ci düzəlişi birdəfəlik ləğv etməyə tələsmir. 907-ci düzəlişin birdəfəlik deyil, bir illiyinə ləğv edilməsi onu göstərir ki, ABŞ hökuməti bundan hər zaman Azərbaycana qarşı istifadə edə bilər. Heç şübhəsiz ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilən torpaqlarda qurulan qondarma rejimində terrorçuluğun, silah və narkotik qaçaqçılığının qarşısını almaq üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə ABŞ yenidən 907-ci düzəlişdən Azərbaycana qarşı istifadə edəcəkdir.
Azərbaycan torpaqlarının Ermənistan işğalından azad etmək üçün yekum sülh müqaviləsinin imzalanmasına vasitəçi olan ABŞ-ın Ermənistanı işğalçı adlandırmaması, Qarabağ ermənilərinə az qala dövlət statusunun verilməsinə çalışması, onlara hər il maliyyə köməkliyi etməsi olduqca düşündürücüdür və tərəfsiz vasitəçilik missiyasına tərs mütənasibdir. ABŞ-ın son iyirmi ildə Azərbaycan siyasəti təhlil edilərkən çox ciddi ziddiyyətlərin olduğu müşahidə olunur.
Azərbaycan və ABŞ arasında iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrinin Azərbaycan ictimai rəyində müzakirə edilməsinə səbəb olan əhəmiyyətli hadisələrdən biri də, 2001-ci ilin yazında Azərbaycan və İran arasında Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar olaraq yaşanan böhrana ABŞ-ın çox gec münasibət bildirməsi olmuşdur.
ABŞ iqtisadi, siyasi və hərbi baxımdan güclü və hegemon dövlətdir. Amma bu xüsusiyyətlərini qorumaq üçün ədalətli olması da lazımdır. Azərbaycan iyirmi ildən artıqdır müstəqil bir dövlətdir, iqtisadi, siyasi və təhlükəsizlik siyasətini formalaşdıracaq və qoruyacaq potensiyala sahibdir. İqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq etdiyi dövlətlərdən mənafelərin qarşılıqlı olaraq qorunmasını tələb edəcək qədər də məntiqli siyastət həyata keçirməyə qadirdir.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !