
Hatəm Cabbarlı
Siyasi elmlər doktoru
25 aprel 2016
Ermənistanın xüsusilə son zamanlarda yeni təhlükəsizlik arayışını təhlil etmədən əvvəl 2-5 aprel 2016-cı ildə işğal edilmiş ərazilərdə yaşanan hadisələrə açıqlıq gətirmək zəruridir.
-bəzi mənbələr bunu kəşfiyyat döyüşü adlandırır;
bu Ermənistan tərəfindən atəşkəsin kobud şəkildə pozulmasıdır;
-Ermənistanın müdafiə doktrinasında son zamanlarda müdafiə stratejisindən, önləyici, hücum stratejisinə keçməsinin göstəricisidir;
-bölgə və beynəlxalq aləmin təhlükəsizlik mühitində yaşanan qırılma nöqtələri Ermənistanı buna vadar etmişdir;
-Ermənistanın geniş miqyaslı həbi əməliyyatların başlaması münaqişədə marağı olan böyük bir dövlətin səssiz razılığı ilə olmuşdur.
Hadisələri geniş olaraq dəyərləndirdiyimiz zaman yuxarıda göstərilən müddəaların hamısından müəyyən amillərin 2-5 aprel hərbi əməliyyatlarında görmək mümkündür və bu nəticə olaraq Ermənistanın atəşkəs müqaviləsini kobud şəkildə pozmasıdır.
Ermənistan son zamanlarda ciddi təhlükəsizlik böhranı yaşayır. Bu böhran qonşu dövlətlərin Ermənistana yönəlik düşmən siyasətinin deyil, əksinə, Ermənıstanın İran istisna olmaqla bütün qonşu dövlətlərdən torpaq iddialarının nəticəsidir.
Son illərdə bölgə və beynəlxalq aləmdə yaşanan təhlükəsizlik böhranı, Dağlıq Qarabağ probleminin həll edilməsində Ermənistanın konstruktiv mövqe sərgiləməməsi, sosial-iqtisadi tənəzzülü, daxili və xarici siyasətinin iflası onu göstərir ki, Ermənistan böhrandan çıxış yolunu işğal etdiyi Azərbaycan torpaqlarında atəşkəsi pozaraq yeni ərazilər işğal etməkdə, bununla Azərbaycanı və Minsk qrupu həmsədrlərini fakt qarşısında qoymaqda və ölkə daxilində imicini yaxşılaşdırmaqda görürdü.
Bu uğursuz siyasətin ilk addımını Ermənistan 2016-cı ilin əvvəllərində Müdafiə Nazirinin müavini David Tonoyan ölkəsinin müdafiə doktrinasında bəzi dəyişikliklər ediləcəyini bildirməklə atmışdı. Tonoyan əvvəlki doktrinada qəbul edilən “passiv müdafiə” sistemi yerinə “qarşısını alma, önləmə” sisteminə keçəcəklərini, bu sistemin mahiyyətində refleks və önləyici prinsiplərin olduğunu vurğulamışdır.
2-5 aprel hadisələrində uğursuzluğun ilk günündən etibarən Ermənistan ABŞ, Avropa dövlətləri və NATO nəzdində siyasi dəstək aramağa başladı.
Daha 2-5 aprel hadisələri yaşanmadan əvvəl Erməni mətbuatında NATO-nun post sovet dövlətləri ilə münasibətləri mütəmadi olaraq müzakirəyə edilirkən, Ukrayna və Gürcüstanın quruma assosiativ üzv qəbul edilməsindən sonra bölgə təhlükəsizlik sistemində əsaslı dəyişikliklərin yaşanacağı və Ermənistanın təhlükəsizlik siyasətinin bundan sonra necə olacağı məsələləri gündəmə gətirilirdi.
Müzakirələrdə əsasən Rusiyanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək istəyən dövlətlərə təzyiq etdiyi bir şəraitdə bu ölkələrlə, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Ermənistan ilə hansı əsaslarla münasibətləri inkişaf etdirilməsi məsələsi önə çıxırdı. NATO və Avropa İttifaqının bunun üçün xüsusi proqram hazırladığı haqqında fikirlər səslənirdi.
Cari ilin mart ayının əvvəllərində isə NATO-nun Brüsseldəki qərargahında Ermənistan XİN rəhbəri Edvard Nalbandyan və NATO Baş Katibinin Siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Conatan Periş “Ermənistan+28” formatında bir araya gələrək ikili münasibətləri ələ almış, NATO-nun Ermənistan ilə münasibətlərinin bundan sonra necə qurulacağı və inkişaf etdiriləcəyi müzakirə edilmişdir.
Bu görüşdən əvvəl isə Ermənistanda “NATO-Ermənistan münasibətləri: Varşava sammitindən əvvəl perspektivlər və çağırışlar” adlı konfrans təşkil edilmişdi. Konfransda iştirak edən NATO-nun Cənubi Qafqaz Departamentinin rəhbəri Ştefan Elqerman demişdi: “Rusiyanın qonşu dövlətlərin suverenliyinə hörmətlə yanaşmadığını görür və bunu soyuq müharibə dövrünə qayıdış olaraq dəyərləndiririk. Biz diqqətlə bunu izləyir, xüsusilə şərq cinahında alyansın təhlükəsizliyini gücləndiririk.”
Cari ilin martın 4-də isə NATO-nun Siyasi və müdafiə planlaması məsələləri üzrə rəhbəri Conatan Periş, ikili münasibətləri dəyərləndirirkən, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, NATO üçün əhəmiyyətli tərəfdaşdır və münasibətlər inkişaf edir demişdir.
22 aprel 2016-cı ildə isə Ermənistan Müdafiə Nazirinin müavini David Tonoyan NATO-nun Siyasi və təhlükəsizlik məsələləri Komitəsinin “NATO+Ermənistan” iclasında bu təşkilatla münasibətlərin inkişaf etdirilmənin əhəmiyyətindən danışmış və 2-5 aprel hadisələrinin nəticələrini müzakirə etmişdir.
Ermənistanın son zamanlarda NATO ilə münasibətlərini genişləndirməyə çalışması Avrasiya İqtisadi Birliyinə və Gömrük Birliyinə üzv olmasından sonra Rusiya ilə münasibətlərində ciddi anlaşmazlıqların olduğunu, bu qurumlara üzv olmanın Ermənistanın siyasi və iqtisadi maraqlarını qorumadığını, daxili istehsalın artmasına əngəl törətdiyini, xüsusilə təhlükəsizlik məsələlərində KTMT-yə etibar etmədiyini göstərir.
Ermənistan müstəqilliyini elan etdikdən bu günə qədər həyata keçirdiyi yanlış daxili və xarici siyasətin nəticələri ilə qarşı qarşıyadır. Siyasi iqtidarın sadəcə özünü qoruma instinkti, ölkənin iqtisadi və siyasi olaraq inkişaf etməsinə mane olmuş, sadə vətəndaşların sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmışdır. 25 illik yanlış daxili, xarici, iqtisadi, siyasi və təhlükəsizlik siyasəti yeni arayışların da qarşısını əhəmiyyətli dərəcədə almışdır.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !