
Hatəm Cabbarlı
Siyasi elmlər doktoru
24 fevral 2015.
Ermənistan Respublika Partiyasının 13 fevral 2015-ci ildə keçirilən növbəti iclasında çıxış edən Prezident və partiya sədri Serj Sərkisyan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanı ciddi şəkildə tənqid edərək “Qaqik Çarukyan siyasətçi kimi dövlətin bəlasıdır. Bu təbiidir. Siyasi proseslərdə iştirak etməsi üçün lazım olan yetərli mexanizmə ancaq səviyyəsiz intellektə sahib şəxs inkişafın əyləcidir… Yanlışlığı düzəltmək zəruridir. Tez, sona qədər və qətiyyətlə. Vətəndaş və iş adamı olaraq Çarukyan ilə heç bir problemim yoxdur. Amma qanunları pozmuşsa, bu istisnadır.”[1] demişdir.
Sərkisyan çıxışında Çarukyanın Milli Təhlükəsizlik Şurasından qovulduğunu bildirmiş, 2013-2014-cü illərdə parlamentdə keçirilən 145 iclasın sadəcə dördündə iştirak edən Çarukyanın seçicilərin haqlarını qorumadığını, ancaq özlərinin bunu görməzlikdən gəlməyəcəklərini bildirmişdir.
Çarukyanın milyardlarla dramı humanitar yardım adı ilə mənimsədiyini, büdcəyə vergi ödəmədiyini, pensionerlərin və gənclərin haqqını pozduğunu vurğulayan Sərkisyan, Baş Nazirdən bu xəbərləri ciddi olaraq araşdırmağı, lazım olan hər şeyi etməsini və ictimai rəyə məlumat verməsini tələb etdi.
Sərkisyanın bu çıxışından bir neçə gün əvvəl Baş Nazir Ovik Abraamyan son zamanlarda ölkədə yaşanan hadisələrlə bağlı olaraq “məsuliyyətsiz çıxışlarına görə siyasi mühitin gərginləşməsinin səbəbkarı Qaqik Çarukyandır.”[2] demişdir.
Sərkisyanın Çarukyan haqqında ifadə etdiyi sözlər Ermənistan müstəqilliyini elan etdikdən bu günə qədər Prezident səviyyəsində müxalifət liderinə bu cür açıq və qəti meydan oxuması və təhqir etməsi baxımından ilkdir. Bu müharibə elanıdır və Çarukyan Sərkisyana cavab olaraq “Bu adamın proqramı sonsuz iqtidarında mənə müharibə elan etmək və məni kənarlaşdırmaqdır.”[3] demişdir.
Maraqlı olan son zamanlarda Çarukyana qarşı təzyiqlərin 2014-cü ilin ikinci yarısında hökumətin pensiya qanunun dəyişməsindən sonra başda Çiçəklənən Ermənistan, Erməni Milli Konqresi, Daşnaqsutyun və Miras partiyalarının hökumətə qarşı 12 maddədən ibarət tələbi imzalamaları[4] və 5 fevral 2015-ci ildə etdiyi çıxışında “Bir düşünülməyən addım və hətta bir kəlmə Ermənistanda vətəndaşların küçələrə çıxmasına səbəb ola bilir” deməsindən sonra daha da artmışdır.
12 tələbdə Sərkisyanın istefa məsələsi qoyulmasa da,
- yeni pensiya qanununun ləğv edilməsini, bu dəyişikliklər nəticəsində vətəndaşların itirdikləri pulların geri verilməsi, Konstitusiya Məhkəməsinin 2 aprel 2014-cü il qərarının həyata keçirilməsi;
- mövcud qanunvericiliklə tənzimlənən qırmızı xətlərin və spidometrlərin dəyişdirilməsini, cərimə və ödəmələrin aylıq minimum əmək haqqının 10 faizindən artıq olmaması;
- vergiləri minimum üç dəfə azaltmaq və sərhəddə gömrük ödənilməsini ləğv etmək;
- subsidiyaları iki dəfə artırmaq, sulama və kənd təsərrüfatına ayrılan subsidiyalara güzəştlər tətbiq etmək;
- kənd təsərrüfatına ayrılan kreditləri dollar olaraq deyil dram olaraq vermək;
- Nairit zavodunun yenidənqurma proqramını təsdiq etmək və fəhlələrin aylardır ödənilməyən əmək haqlarını ödəmək;
- Vorotan Kaskad HES-in özəlləşdirilməsi üçün parlamentini xüsusi razılığı;
- ictimai nəqliyyatda gediş haqqının qaldırılmaması, vahid nəqliyyat strukturunun qurulması;
- faktiki olaraq monopoliya olan iqtisadiyyatı sərbəstləşdirmək;
- seçki qanununa dəyişikliklər edilməsi və növbəti parlament seçkilərinin tamamilə proporsional sistemlə keçirilməsi;
- Müxalifətə nəzarət edici mexanizm və imkan verən qanun qəbul edilməsi;
- Ermənistan və Dağlıq Qarabağ arasında qurulmuş münasibətləri, vahid iqtisadi rejim də daxil olmaqla, dəyişdirəcək beynəlxalq razılaşma imzalamamaq.
kimi məsələlərə yer verilmişdi.
Son zamanlarda Çiçəklənən Ermənistan, Miras Partiyaları və Erməni Milli Konqresi Sərkisyan rejiminə qarşı ortaq mübarizə edirlər. Miras Partiyası və Erməni Milli Konqresi hələlik Çarukyanı dəstəkləyən bəyanatlar versələr də, hadisələrin dramatik hal alacağı vəziyyətdə bu dəstəyin davam edəcəyi ciddi şübhə doğurur.
Çarukyan Çiçəklənən Ermənistan Partiyasının sədri və ölkənin ən zəngin oliqarxıdır. İqtisadiyyatın müəyyən sahələrində ciddi biznesi vardır. Partiyası parlamentdə 37 millət vəkili ilə təmsil edilir.
Sərkisyanın partiya iclasında çıxışından sonra Çarukyan erməni xalqına xitabən müraciət etmişdir. Müraciətdə, “Əziz xalqım! Mübarizəyə hazır olun. Küçələrə üç min nəfər çıxır və onlar qəbul edilən qanunu məcburən ləğv edirlərsə, xalq çıxdığı zaman iqtidarı dəyişmək mümkündür. Mən indi iqtidari dəyişməyi tək hədəf kimi görür, milli səfərbərlik elan edir, qanunlar çərçivəsində bəla iqtidarından azad olmaq üçün Serj Sərkisyanın istefasının tələb edirəm.”[5] demişdir.
Sərkisyan partiya iclasında dediklərini həyata keçirərsə, ki həyata keçirmə ehtimalı olduqca yüksəkdir, Ermənistanın daxili siyasətində ciddi böhran yaşana bilər. Polis və ordu üzərində nəzarəti təmin edən Sərkisyan Çarukyanın və onu müdafiə edən siyasi partiyaların qarşısını sadəcə siyasi yollarla almayacağı qətidir.
Sərkisyan əvvəlcə Çarukyanın şirkətlərini təftiş etdirəcək, vergidən yayınma və bəzi cinayət iddiaları ilə onun maliyyə mənbələrini kəsməyə çalışacaq. Bu zaman təbii ki, Çarukyan və onu dəstəkləyən qruplar küçələrə çıxıb etirazlarını bildirəcəklər.
Sərkisyan etiraz dalğasının böyüməsinə imkan verməyəcək və əlindəki bütün güc mexanizmlərindən istifadə edərək etirazların qarşısını almağa çalışacaqdır.
Müəqəddaratını Təyinetmə Birliyinin sədri Paruyr Hayrikyan son hadisələri iqtidar və müxalifət arasında razılaşdırılmış ssenari oyunu olaraq dəyərləndirsə də,[6] siyasi şərhçi Levon Şirinyan Çarukyanın millət vəkilliyi əlindən alındığı təqdirdə, Çiçəklənən Ermənistan Partiyasının millət vəkillləri hamısı istefa edə bilər.[7] demişdir. 37 millət vəkilinin eyni anda istefa etməsi ciddi siyasi böhrana və qanunverici orqanın işinin iflic vəziyyətə düşməsinə səbəb ola bilər. Bu zaman Avropa və ABŞ-ın bu böhrana münasibəti iqtidarı çətin vəziyyətə sala bilər.
Sərkisyanın çıxışından sonra hakimiyyətdən kənar üçlük kimi tanınan Çiçəklənən Ermənistan, Miras Partiyaları və Erməni Milli Konqresi bir araya gələrək bundan sonrakı fəaliyyət istiqamətlərini müzakirə etmiş və 20 fevralda İrevanda-Azadlıq Meydanında mitinq keçirmələri haqqında razılığa gəlmişlər.[8] Amma İrəvan meriyası bu mitinqə icazə vermədiyi üçün mitinq qeyri-müəyyən bir zamana təxirə salınmışdır.
Erməni Milli Konqresindən millət vəkili Nikola Paşinyan Prezident Sərkisyana impiçment elan edilməsi ilə bağlı təklifi parlamentin Dövlət və hüquq daimi komissiyasında müzkirəyə çıxarılmış ancaq qəbul edilməmişdir.[9] Bununla bağlı açıqlama verən Paşinyan təkliflərinin qəbul edilməyəcəyini əvvəlcədən bildiklərini amma bütün hallarda bu təklifin verilməsi və qəbul edilməməsinin hüququ sənəd kimi daxili siyasəti həyatına daxil olacağını bildirmişdir.[10]
Hələlik Avropa və ABŞ-dan məsələ ilə bağlı hər hansı mövqedən fikir bildirilməsə də, hdisələrin gərginləşəcəyi ehtimal edilən önümüzdəki günlərdə səssiz qalmayacaqları məlumdur.
Olduqca kövrək olan Ermənistan daxili siyasəti bu gərginliyə tab gətirməyə bilər. Sərkisyanın 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz olaraq mitinqə çıxanları ordu gücündən istifdə edərək dağıtması və rəsmi rəqəmlərə görə 10, qeyri-rəsmi rəqəmlərə görə 50 nəfərin öldürülfüyü diqqətə alınarsa, bu prosesin olduqca sancılı keçəcəyi ehtimalı yüksəkdir.
[1] Серж Саргсян объявил «крестовый поход» против лидера партии «Процветающая Армения», www.regnum.ru/news/polit/1894883.html, 12.02.2015.
[2] Премьер-министр Армении возложил на Гагика Царукяна ответственность за напряжение в обществе www.regnum.ru/news/polit/1893404.html, 09.02.2015.
[3] Гагик Царукян: Я принимаю объявленную мне войну www.regnum.ru/news/polit/1895094.html, 13.02.2015
[4] Рузанна Степанян, «Четверка» обнародовала свои 12 требований к властям http://rus.azatutyun.am/content/article/25417123.html, 10.06.2014.
[5] Гагик Царукян: «Развязкой является полная смена власти путем внеочередных президентских выборов» http://www.7or.am/ru/news/view/82478/, Февраль 13, 2015.
[6] Айрикян считает нынешние политические процессы искусственными http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=125180, 14.02.2015.
[7] Многие депутаты парламента Армении откажутся от своих мандатов – политолог http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=125179, 14.02.2015.
[8] Оппозиционная «тройка» Армении объявила о дате проведения митинга www.regnum.ru/news/polit/1895547.html, 15.02.2015.
[9] Комиссия парламента Армении отвергла инициативу об импичменте президента страны www.regnum.ru/news/polit/1897763.html, 20.02.2015.
[10] За проект импичмента президенту Армении проголосовали четверо депутатов http://www.epress.am/ru/,
02.23.2015.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !