
Hatəm cabbarlı
siyasi elmlər doktoru
05 11 2015
ABŞ-da hazırlandığı iddia edilən “Böyük Yaxın Şərq planı” çərçivəsində Yaxın və Orta Şərqdə gerçəkləşdirilən “Ərəb baharı”na qarşı Suriya 3 ildir müqavimət göstərir. “Ərəb baharı” demokratiya yox, fəlakət gətirdi və pis-yaxşı mövcud olan dövlətçiliyi demək olar ki məhv etdi. Suriyanın nümunəsində bu “bahar” vətəndaş müharibəsi ilə nəticələndi.
Əsəd rejimi, hələ ki, mövcudluğunu paytaxt Dəməşq daxil, bir neçə böyük şəhərdə qoruyub saxlaya bilir. Əsədin ən qısa zamanda devriləcəyini iddia edən ABŞ-ın nəzarətində olan KİV-lərin Suriya ərəblərinə qarşı psixoloji əməliyyat keçirərək onları mübarizəyə həvəsləndirməsi, “Azad Suriya Ordusu”nun ABŞ-ın nəzarətində qurulması, digər müxalifət qüvvələrinin ABŞ tərəfindən silahlandırılması və maliyyələşdirilməsi hələ ki, Birləşmiş Ştatların gözlədiyi nəticəni vermədi, Əsəd rejiminə qarşı vuruşanlara məhdud hərbi, siyasi və maliyyə dəstəyi özünü doğrultmadı.
Türkiyənin Suriya siyasəti
Suriyada gərginliyin yarandığı ilk vaxtlarda Türkiyə hökuməti Əsəd rejimini sərt tənqid etməsə də, silahlı mübarizənin qızışması və hökumətin mövqelərinin zəifləməsindən sonra Əsəd rejiminə qarşı cəbhədə yer alaraq, hətta silahlı müdaxilənin mümkünlüyünü bildirdi. Türkiyənin Suriya ilə həmsərhəd olan yaşayış mərkəzlərinə bir neçə dəfə top mərmilərinin düşməsi, Reyhanlı terror aktının törədilməsi vəziyyəti daha da gərginləşdirdi. Bu terror aktından sonra hökumət rəsmi təhqiqata başlamadan Əsəd rejimini ittiham etməyə başladı.
Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsi ittihamlarından sonra ABŞ və müttəfiqlərinin silahlı müdaxilə planının müzakirəsi yenidən gündəmə gəldi. Türkiyə hökuməti Suriyanın raket zərbələri ehtimalını nəzərə alaraq, ABŞ-ın havadan müdafiə sisteminin və “Petriot” raketlərinin ərazisində yerləşdirilməsinə icazə verdi. Lakin bu addımı daha çox ictimai rəyi sakitləşdirməyə və xüsusilə də, Rusiyanın təzyiqlərini azaltmağa çalışmaq cəhdi kimi dəyərləndirmək olar. Rusiya buna ciddi etiraz etməsə də, cavabsız qoymadı. Bu informasiyalara paralel olaraq, region mətbuatında Rusiyanın Ermənistanda “İskəndər” raket kompleksini yerləşdirəcəyi barədə informasiyalar yayıldı.
Rusiyanın Suriya siyasəti
Yaxın və Orta Şərqdə “Ərəb baharı” yaşandıqda Rusiya sanki “pat vəziyyətində” qaldı və ilk zamanlarda hadisələrə çox da qarışmadı. Rəsmi Dəməşqin ağır da olsa bütün çətinliklərə rəğmən mübarizə etməsi və müqavimət göstərməsi Rusiyanın Yaxın və Orta Şərq siyasətini yenidən nəzərdən keçirməsinə səbəb oldu.
Ukrayna hadisələrindən sonra ABŞ və Avropanın ciddi siyasi və iqtisadi təzyiqləri ilə qarşılaşan Rusiya açıq şəkildə Suriyaya dəstək verməyə, İŞİD və müxalifət silahlı qruplaşmalarını bombalamağa başladı. Rusiyanın Suriyaya bu şəkildə dəstək verməsi beynəlxalq aləmin diqqətini Ukrayna böhranından yayındırsa da, yaxın qonşusu, son 20 ildə ticarət-enerji sahələrində ciddi əməkdaşlıq etdiyi Türkiyə ilə münasibətlərində ciddi gərginliyə səbəb oldu.
Oktyabr ayının ilk həftəsində Rusiyanın Xəzər dənizində olan hərbi dəniz donanmasına aid gəmidən Suriyada İŞİD nəzarətində olan ərazilərə İran üzərindən raketlərlə zərbə endirməsi və daha sonra hərbi aviasiya ilə Əsəd düşmənlərini bombalaması hadisələrin dinamikasını tamamilə dəyişdirdi.
Bəzi mənbələr bu raketlərin əksəriyyətinin Suriya ərazisinə çatmadan İran ərazisində partladığını və İŞİD-dən daha çox mülki insanlara zərər vurduğunu bildirsə də, bu hadisə ilə bölgədə psixoloji vəziyyətin Əsəd rejiminin xeyrinə dəyişdiyini iddia etmək mümkündür.
Müşahidəçilərin qənaətinə görə, Rusiyanın Xəzər dənizindən Suriya vətəndaş müharibəsinə müdaxilə etməsi bəzi siyasi mesajlar daşıyır. Belə ki, Rusiya Ağ dənizdə olan hərbi dəniz donanmasından Suriyaya daha dəqiq raket zərbələri endirə bilərdi. Bəzi xarici təhlilçilər hesab edir ki, Rusiya bu addımı ilə Xəzər sahilindəki dövlətlərə və ABŞ-a Xəzər hövzəsində təhlükəsizliyi istənilən an poza biləcəyi məsajını verir.
Rusiya hərbi döyüş təyyarələrinin Suriyada İŞİD və silahlı müxalifət qüvvələrinin mövqelərini bombalayarkən Türkiyə hava sərhəddini üç dəfə pozması da digər incə bir mesajdır. İlk iki insidentdə Rusiya üzrxahlıq edərək texniki səbəblərə görə Türkiyə hava məkanını pozduğunu bildirsə də, üçüncü dəfə bu barədə bəyanat vermək ehtiyacını belə hiss etməmişdir.
21 oktyabrda Əsədin gözlənilmədən Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfər etməsi dünya mətbuatının başlıca xəbərlərindən biri oldu. Səfərdən sonra Rusiya Prezidenti Vladımır Putin Əsədin İŞİD-ə qarşı hətta silahlı müxalifət qüvvələri ilə danışıqlara başlayacağını bildirdi. Putin daha sonra Suriya rəhbərliyinin dialoqa hazır olan müxalif qüvvələrlə işgüzar danışıqlara başlamasının zəruriliyini vurğulayıb və Əsədin buna hazır olduğunu qeyd edib.
Rusiya mənbələrindən alınan məlumata görə Rusiyanın Suriyada Əsədin legitimliyini təsdiq etmək üçün növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklifinə Suriya Prezidenti müsbət yanaşıb. Qeyd edək ki, Əsəd 2000-ci ildən hakimiyyətdədir və üçüncü dəfə seçildiyi 2014-cü ildə 89 faiz səs toplayıb.
Əsədin Rusiya səfərindən sonra Rusiya və ABŞ XİN rəhbərləri Vaşinqtonda görüşdülər və daha sonra Suriya probleminin müzakirəsinə Səudiyyə Ərəbistanı və Türkiyə XİN rəhbərləri iştirak ediblər. Rusiya daha geniş tərkibdə-Misir, İraq, İran və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Misturunun da iştirak etməsini istəsə də, ABŞ buna etiraz edib və Rusiya bu etirazı qəbul edib.
Vaşinqton görüşündən sonra Con Kerri müzakirələrin konstruktiv və produktiv keçdiyini, S. Ərəbistanın XİN rəhbəri Adel al-Cubeyir isə böhranın həll edilməsi istiqamətində irəliləmə olduğunu bildirmişlər. Müzakirələrdə hansı məsələlər barəsində razılıq əldə edildiyi bildirilməsə də, tərəflər arasında ciddi fikir ayrılığının olmadığı haqqında müxtəlif versiyalar səslənir.
Suriya böhranının həll edilməsi istiqamətində Rusiyanın bu təşəbbüsü, bu günə qədər irəli sürülən həll planlarından daha məqbul olanı kimi dəyərləndirilir.
Bu günə qədər ABŞ Əsədin hakimiyyətdən getməsini təkidlə tələb edib. Rusiyanın müzakirə şərtləri isə Əsədi müzakirələrin episentrinə qoyur və onsuz müzakirələrin nəticə verməyəcəyini ehtiva edir.
Bununla Rusiya Əsəd rejiminə siyasi və hərbi dəstəyinin davam edəcəyini bir daha ABŞ və müttəfiqlərinə xatırlatdı. Səfərin əks sədaları davam edərkən, Türkiyə baş naziri Əhməd Davudoğlu “Əsədin Rusiyada daha çox qalması Suriya xalqını rahatladardı, həmişəlik qalması isə həqiqi keçid dövrünün başlamasına vəsilə olardı” – deyərək Türkiyə hökumətinin məsələyə münasibətini bildirmişdir.
Türkiyəni narahat edən digər məsələ Rusiyanın Suriyadakı kürd mənşəli Demokratik İttifaq siyasi və hərbi təşkilat ilə siyasi münasibətlər qurulması, onun silah və sursatla təmin edilməsi, Rusiyada YPD-nin nümayəndəliyinin açılması məsələlərini müzakirəyə çıxarması barədə yayılan informasiyalardır. Hətta Rusiyanın Türkiyədəki səfiri XİN-ə dəvət edilərək bu barədə izahat tələb edilib. Krımın Rusiya tərəfindən ilhaq edilməsi zamanı Türkiyənin səssiz və müşahidəçi mövqedə qalması, Krım tatarlarını yetərincə müdafiə etməməsinə rəğmən, Rusiya kürd məsələsini gündəmə gətirərək, Türkiyəyə təzyiq etsə də, sonuncu hələ də Krım tatarları ilə bağlı səssizliyini pozmağa cəsarət etmir.
Bir sıra xarici müşahidəçilər hesab edir ki, Türkiyə regiondakı maraqlarının və təhlükəsizliyinin təminatı üçün malik olduğu imkanlarını itirməkdədir. Digər tərəfdən, Rusiyaya qarşı gücsüz görünən Türkiyə ABŞ və digər müttəfiqlərindən də istədiyi dəstəyi ala bilmir.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !