
Abbasəli Xəlfəoğlu 14 mart 2009
Son zamanlarda region mətbuatında Türkiyə-Ermənistan münasibətlərinin Ermənistanın xeyrinə birtərəfli qaydada istiləşməsi haqqında xeyli yazılar dərc edilməkdədir. Azərbaycanda mətbuatın bəzi nümayəndələri bu məsələni qərəyindən çox şişirdərək Türkiyə-Azərbaycan münasibətlərini zədələməyə çalışırlar. Əslində vəziyyət daha qarışıqdır və məsələnin həlli istiqamətində “at baxışı” bizi doğru nəticələrə gətirib çıxarmaz.
Bəli, Türkiyə qondarma erməni soyqırımı haqqında beynəlxalq aləmdə ciddi problemlərlə üzləşmişdir və təəssüflər olsun ki, bu problemlərin həll edilməsi istiqamətində doğru bir strategiya və taktika seçməmişdir. Türkiyənin ən çox narahat olduğu mövzu isə dünyanın “ağası” olan ABŞ-ın qondarma soyqırımı tanımasından sonra digər dövlətlərin də avtomatik olaraq soyqırımı tanıma təhlükəsidir. Azərbaycan bu istiqamətdə Türkiyəyə hər cür köməklik etməlidir. Ancaq həqiqətən Türkiyə hökumətinin bu təzyiqlərə sinə gərmək niyyəti varsa Azərbaycanın köməyi səmərə verə bilər. AKP hökumətinin son zamanlarda Ermənistan və ümumən xarici siyasətindəki ciddi qırılma nöqtələrinin olduğu nəzərə alınarsa ənənəvi siyasətindən əl çəkdiyini görməmək üçün siyasi kor olmaq lazımdır.
Bəli, AKP hökuməti birmənalı şəkildə Türkiyənin maraqlarına xəyanət edir və bu xəyanətinə davam edəcəkdir. Bu iqtidardan Azərbaycanın maraqlarının qorumasını tələb etmək də doğru deyildir. Hər bir dövlət özünün maraqlarını qorumalıdır və qorumağa borcludur. Türkiyə tərəfindən edilən rəsmi açıqlamalarda Azərbaycanın maraqlarının qorunduğu haqqında fikirlər səslənsə də, bunlar sadəcə qulağa xoş gələn sözlərdən başqa bir şey deyildir.
Bütün bunlara baxmayaraq Azərbaycan, Türkiyə ilə münasibətlərində bütün imkanlardan maksimum səviyyədə istifadə etməli, münasibətlərin ən yüksək səviyyəyə yüksəlməsinə çalışmalı, bununla belə yaxın və uzaq tariximizdə yaşanan bəzi istənməyən hadisələrin yaşandığını və xoşagəlməz bəyanatların verildiyini qətiyyən, amma qətiyyən unutmamalıdır.
Azərbaycan həqiqətən də Türkiyənin Ermənistan ilə münasibət qurmasından narazıdırsa, bu narazılıq müxtəlif vəsilələrlə ifadə edilməli, enerji sahəsində imzalanmış müqavilələrin şərtləri yenidən nəzərdən keçirilməsi və ya denonsasiya edilməlidir. Ümumiyyətlə Türkiyə bütün ciddiyyəti ilə anlamalıdır ki, Azərbaycan onun “kiçik qardaşı” deyil və olmaq da istəmir. Azərbaycana “böyük qardaş” da lazım deyil.
Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına gəlincə böyük bir ehtimalla açıla bilər. Hətta bu, 24 aprel öncəsi Ermənistana qarşı bir siyasi jest kimi daha erkən də ola bilər. Bütün hallarda Türkiyə Ermənistan qarşısında mövqelərini itirməkdədir.
Azərbaycan bu vəziyyəti olduqca diqqətli və strateji baxımdan dəyərləndirərək bu iki dövlətin mübarizəsində, daha doğrusu Türkiyənin Ermənistan qarşısında məğlubiyyət prosesində qətiyyən uduzan tərəfin yanında yer almamalıdır. Azərbaycan hadisələrə real yanaşmağı və gələcək planlarını da bu reallıqlar üzərində qurmalıdır. Siyasətdə əbədi dost və əbədi düşmən yoxdur. Bu Türkiyə olsa belə.
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !