
Hatəm Cabbarlı,
Siyasi elmlər doktoru
11 noyabr 2014-cü il
Dövlətlər siyasi gələcəklərini planlayarkən geosiyasi mövqeyini, siyasi sistemini, iqtisadi gücünü, insan potensiyalını, texniki inkişaf səviyyəsini, etnik tərkibini, coğrafi xüsusiyyətlərini, hansı dövlətlərlə sərhədləri olduğunu, beynəlxalq dəniz yollarına çıxışını, böyük gücə sahib dövlətlə qonşu olduqlarını diqqətə almalıdırlar. Bu xüsusiyyətləri nəzər almadan siyasi gələcəyini planlayan dövlətlərin varlığı hər zaman ciddi təhlükələrlə qarşı-qarşıya qala bilər. Bütün bu faktorlarla yanaşı dövlətlərin siyasi gələcəyinin necə olacağını o dövlətin siyasi elitası və xalqı müəyyən edir. Ukrayna nümunəsində göründüyü kimi siyasi elita və xalqın istəkləri üst-üstə düşmədikdə daxili siyasətdə qarşı durma və hətta vətəndaş müharibəsi ehtimalı belə ortaya çıxa bilər. Ukrayna Avropa və Asiyanın qovşağında yerləşir və bu geosiyasi mövqeyi ona bəzi üstünlüklər verdiyi kimi təhlükələri də ehtiva edir.
Ukrayna dövləti iki amilə görə əhəmiyyətlidir. Birincisi, geosiyasi mövqeyi; ikincisi kənd təsərrüfatına əlverişli geniş torpaqlara və mineral ehtiyatlara malik olması. Əlbəttə, geosiyasi mövqeyi daha əhəmiyyətlidir. Ukrayna Rusiya üçün müdafiə siyasətində həyatı əhəmiyyət kəsb edir, Moskva 480 km (300 mil) uzaqlıqdadır. Bu məsafə təbii əngəllər və maneəli deyil, geniş ovalıqdır və asan keçilə biləcək sahədir, müdafiəsi çətindir. Bölgədən kənar hər hansı güc Ukrayna və Qazaxıstan arasındakı bölgəyə nəzarət edərsə, bu, Rusiyanın Qafqaz siyasətinin sonu deməkdir.
Bundan başqa Ukraynada Rusiya üçün Novorossiykdən də əhəmiyyətli olan Odessa və Svestapol kimi iki liman var. Bu limanlar üzərində nəzarəti itirməsi Rusiyanın Qara dənizdə ticarət və hərbi yolunu və Ağ dənizə çıxışını bağlayacaqdır. Beləliklə, Rusiyanın limanlari qərbdə Qrelandiya, İslandiya və İngiltərə, şimal-şərqdə buzlarla, Baltik dənizində Danimarka, şərqdə isə Yaponiya tərəfindən əhatə ediləcəkdir.[1]
1917-ci ildə bolşeviklər iqtidara gəldiyində Almaniya ilə sülh görüşmələrinə başlarkən, Almaniya Ukraynanın böyük bir hissəsini tələb etdi. Almaniya Ukraynanın kənd təsərrüfatına əlverişli bölgələrini istəyirdi və bu ərazilərə nəzarət etdikləri müddətdə Rusiyanı təhdid edəcəyini bilirdi. Amma Almaniyanın Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Rusiya bütün Ukrayna ərazisində nəzarəti ələ keçirdi. Bu hadisə eynilə İkinci Dünya Müharibəsində yaşandı. Ukraynanı işğal edən Almaniya Rusiyanın Azərbaycan neftinə çıxış yolunu bağlamağa çalışırdı.
Avropa İttifaqı və xüsusilə də Şərqi Avropa ölkələri Polşa və Rumıniya şərqdən Rusiyanın təhdidini daha açıq hiss edirlər. Bu ölkələr Rusiya təbii qazından asılıdır və bu amildən Rusiyanın hər zaman təzyiq vasitəsi kimi istifadə edə biləcəyini düşünürlər. Rusiya sadəcə enerji amilindən deyil, hərbi gücü və ticarət təşəbbüsləri ilə də bölgədə Avropanın maraqlarını təhdid edə bilər.
Bölgənin təhlükəsizliyi üçün müxtəlif hərbi təhdidlər Qərb dünyası üçün aktual olmasa da, xüsusilə, Şərqi Avropa ölkələri üçün hələ də əhəmiyyət daşıyır. Şərqi Avropa ölkələri üçün SSRİ-nin gedişi o qədər də uzaq tarix deyildir, onlar Rusiyanın anidən getdiyi kimi, anidən geri dönə biləcəyindən narahatdırlar.
Rusiya NATO-nun sərhədlərinə qədər yaxınlaşmasını diqqətlə izləyir. Şərqi Avropa dövlətlərinin NATO-ya üzv olması Rusiya üçün birbaşa təhdid olmasa da, narahat edir. Amma Ukrayna və Belarusun itirilməsi Rusiyanın müdafiə siyasətinin iflas etməsi deməkdir.
Ukrayna Avrasiya dövlətidir və Şərqi Avropanın iki dövləti-Polşa və Rumıniya, post-sovet dövlətlərdən isə Belarus, Moldova və Rusiya ilə sərhədlərini paylaşır. Ukraynanın zəngin tarixi vardır və Rusiya tarixi adətən Ukrayna tarixinin bir parçasıdır. Ruslar bu reallığı etiraf etmək istəməsələr də, İstoriya Diplomatii kitabının 1940-cı illərdə nəşr edilən nüsxəsində Rusiya tarixindən bəhs edilərkən Kiyev Rusu ifadəsi yazılsa da, daha sonrakı nəşrlərdə bu ifadə Moskva Rusu ilə əvəz edilib.
IX-X əsrlərdə Knyaz Oleq Dnepr çayı bölgəsini Xəzər xanlığından alaraq knyazlıq qura bilsə də, XI-XII əsrlərdə peçenqlərin istilası ilə qarşı-qarşıya qalmış, XIV-XV əsrlərdə Böyük Polşa-Litva Knyazlığına tabe olmuş, XVII əsrdə torpaqlarının bir qismi Osmanlı dövlətinin əlinə keçmişdir. Reç Pospolitanın 1772-1795-ci illərdə Rusiya, Avstrya və Prusya tərəfindən bölünməsindən sonra Qaliç Avstryanın, Dnepr çayının sağ sahili, Volın və Podolye bölgələri Rusiyanın nəzarətinə keçmişdir. Rusiya bu bölgələrdə inzibati idarə mexanizmini dəyişərək Kiyev, Volın və Podolsk əyalətlərini təsis etmişdir.[2]
1768-1774-cü illərdə Osmanlı-Rusiya müharibəsinə qədər Dnepr çayının sağ aşağı axını, Azak sahilləri və Krım, Krım xanlığı tərəfindən idarə edilib. Bu bölgələr Kiçik Qaynarca müqaviləsinə görə Rusiyanın nəzarətinə verilib.[3]
Rusiya imperiyasının süqutundan sonra 1917-1921-ci illərdə Ukraynada 16 kiçik dövlət qurulsa da, 1919-cu il 10 martda Ukraynada Sovet Sosialist Respublikası elan edildi. Bu illərdə Ukraynanın qərbində Polşa ilə kiçik müharibə oldu. 1922-ci il 30 dekabrda Ukrayna Sosialist Federasiyası Sovet Respublikası ilə ittifaq müqaviləsi imzalayaraq SSRİ-yə daxil oldu.
Ukrayna 1918-1922-ci illərdə Almaniya və Polşa ilə kiçik müharibələr edib, vətəndaş müharibəsi yaşayıb. SSRİ-yə daxil olandan sonra da ciddi problemlərlə qarşılaşıb, 1930-cu illərdə yaşanan aclıqda (qolodomor) son məlumatlara görə 3 milyon 941 min insan aclıqdan ölüb.[4] 1945-ci il 24 oktyabrda Birləşmiş Millətlər Təşkilatı (BMT) qurulduğu zaman Ukrayna və Belarus İkinci Dünya Müharibəsində iştirak etdiyinə görə BMT-yə üzv olub və səsvermə hüququ əldə edib.[5]
Ukrayna Ali Radası 19920-ci il 21 avqustda müstəqilliyini elan etdi və 1992-ci il 1 dekabrda keçirilən referendumda Ukrayna xalqı müstəqilliyini təsdiq etdi. Ukrayna müstəqilliyini elan etdikdən sonra sosial-iqtisadi, siyasi və təhlükəsizlik problemlərini həll etməyə çalışsa da, istənilən nəticələri əldə etmədi. Bu mərhələdə Ukrayna üçün əhəmiyyətli olan aşağıda göstərilən islahatları həyata keçirməkdi:
-totalitar rejimdən demokratiyaya keçidi;
-planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi;
-sosial sahədə siniflərin deyil, şəxslərin azadlığını;
-humanitar sahədə siniflərin dəyərlərini deyil, ümumən insanlığın dəyərlərini təmin etməyi;
-beynəlxalq sahədə Sovet ideologiyası qarşı durması deyil, dünya ilə inteqrasiya prosesinə başlamaq və sürətləndirməyi.[6]
Ukrayna bu islahatları həyata keçirməyə başlasa da, xüsusilə dövlət qurumlarında islahatlarda gecikdi. 1996-cı ilə qədər məhkəmə-hüquq sistemində islahat olmadı və Konstitusiya Məhkəməsi qurulmadı. Dövlət idarəçiliyi sistemində parlament, prezident və sovet idarəsi sistemindən ibarət qarışıq bir idarəçilik mexanizmi ortaya çıxdı.
Ukrayna demokratikləşmə, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatına keçid, Avropa ilə inteqrasiya prosesində problemlər yaşadı. 1992-ci ildə iqtisadiyyatın liberallaşdırılması ciddi problemlərə səbəb oldu. Mərkəzi planlama sistemi süqut etdiyi üçün qiymətlər artdı, istehsalda və dünya bazarına çıxmaqda problemlər yaşadı.
Ukrayna müstəqilliyini elan etdikdən sonra qarşılaşdığı iqtisadi və siyasi problemlərini həll etmək üçün Avropa ilə münasibətlərini inkişaf etdirməyə çalışsa da, iqtisadi və siyasi baxımdan başda Rusiya olmaqla əsasən post-sovet dövlətləri ilə də yaxın əməkdaşlıq edirdi. Ukraynanın post-sovet dövlətləri ilə əməkdaşlıq etməsi ona bəzi iqtisadi dividendlər qazandırsa da, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın ona daha geniş perspektiv vəd etdiyinə baxmayaraq, Rusiya amilini diqqətdən kənarda saxlaya bilmirdi.
ABŞ və Avropa İttifaqının Ukrayna siyasətinin əsas məqsədi bu ölkənin Avropa ilə hərtərəfli inteqrasiya olmasına və Rusiyanın təsir dairəsindən uzaqlaşmasına kömək etmək olmuşdur. Belə ki, Ukraynanın Avropa ilə inteqrasiyası və Rusiyanın təsir dairəsindən uzaqlaşmasını onlar beynəlxalq miqyasda Rusiya ilə mübarizəsində əhəmiyyətli qələbə kimi qəbul edirdi.
Ukraynanın son zamanlarda daxili siyasətində yaşanan böhran sadəcə iqtidar və müxalifət arasında yaşanan problem deyil, Qərb dünyası və Rusiya arasında yaşanan mübarizə bu böhranın əsasını təşkil edir. Ukrayna Qərb dünyası və Rusiya arasında iqtisadi, siyasi və təhlükəsizlik maraqlarının toqquşduğu ölkədir, ABŞ Rusiyanı bir az daha öz sərhədləri daxilinə sıxışdırmağa cəhd edərkən, Rusiya Ukrayna sərhədlərində ABŞ-ın qarşısını almağa çalışır. Qərb dünyası və Rusiya arasındakı mübarizə Ukraynanın siyasi gələcəyini birbaşa müəyyən edəcək mahiyyətdədir amma bu mübarizədə hansı tərəfin üstünlüyü təmin edəcəyi haqqında proqnoz vermək çətin olduğu üçün, Ukraynanın gələcəyini necə təyin edəcəyi məsələsi də hələlik həllini tapmayıb.
[1] Что ждет Украину?, http://www.armtoday.info/default.asp?Lang=_Ru&NewsID=105136, 17.02.2014
[2] Сборник русского исторического общества. 1871.-Т. 7.-С. 348.
[3] Екатерина Великая и Потемкин в истории Украины-Руси. Создание Новороссии и укрепление Малороссии, http://history.ui.ua/catherine_great, 08.10.2014.
[4] Постановление апелляционного суда г. Киева по уголовному делу по факту совершения геноцида в Украине в 1932–1933 гг., http://khpg.org/index.php?id=1266828078, 22.02.10.
[5] Головна / Про Україну / Участь у міжнародних організаціях / Організація Об’єднаних Націй, http://mfa.gov.¬ua/ua/about-ukraine/international-organizations/uno
[6] Заруба В.М., Васковський Р.Ю., История Украины, http://histua.com/ru/knigi/istoriya-ukraini-zaruba-vaskovskij/gosudarstvoobrazujushhie-processy-v-ukraine-v-1991-2001-pp
0 Comments
Sorry, either someone took all the comments and ran away or no one left any in the first place !
But You can be first to leave a comment !